Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir
Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Səudiyyə Ərəbistanının islam məsələləri, çağırış və irşad naziri şeyx Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşündə səslənib
Ər-Riyad, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində islam məsələləri, çağırış və irşad naziri şeyx Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşüb.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, iki qardaş ölkənin əlaqələrinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğu vurğulanıb.
Saleh bin Əbdüləziz Al Əl-Şeyx 1999-cu ildə Azərbaycana səfərini və səfər zamanı dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb. O deyib ki, Heydər Əliyev İslam dünyasının problemlərinə xüsusi diqqət yetirirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nazir Azərbaycan və Səudiyyə Ərəbistanının qardaş xalqlar olduğunu bildirib, dövlət başçıları Salman bin Əbdüləziz və İlham Əliyevin rəhbərliyi altında iki ölkənin əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, həmçinin qardaş ölkələrimiz arasında qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Görüşdə Mübariz Qurbanlı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışıb. O, münaqişə nəticəsində erməni vandalları tərəfindən bir sıra maddi-mədəni irs nümunələrinin, ö cümlədən məscid və məbədlərin məhv edildiyini diqqətə çatdırıb. Komitə sədri münaqişə ilə bağlı qətiyyətli mövqeyinə və Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə və xalqına təşəkkürünü bildirib.
Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığını vurğulayan M.Qurbanlı dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscidin fəaliyyət göstərdiyini, hazırda onların sayının 2000-i ötüb keçdiyini və həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğunu qeyd edib. Komitə sədri Azərbaycan dövlətinin İslam dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidlərinin və Gəncə şəhərindəki “İmamzadə” kompleksinin əsaslı şəkildə yenidən qurularaq təmir olunduğunu, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi olan Heydər məscidinin inşa edildiyini diqqətə çatdırıb.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyi diqqətə çatdırılıb, hazırkı dövrdə İslam dünyasında həmrəyliyə böyük ehtiyac olduğu vurğulanıb. “İslam Həmrəyliyi İli” ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda bir sıra tədbirlərin keçirildiyi vurğulanıb və cari ilin dekabr ayında Prezident İlham Əliyevin himayəsi altında keçiriləcək beynəlxalq konfransda iştiraka dəvət məktubu nazirə təqdim olunub.
Görüş Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyinin internet səhifəsində və nüfuzlu “Əl-Cəzirə” qəzetində işıqlandırılıb.
Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanının Məhəmməd bin Nayif adına Reabilitasiya və Qayğı Mərkəzində olub. Burada M.Qurbanlıya Mərkəzin fəaliyyəti və məqsədləri haqqında geniş məlumat verilib.