Ər-Riyadda keçirilən anım tədbirində Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışılıb
Dekabrın 11-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Ər-Riyad şəhərinin mərkəzində yerləşən Şeyx Nasir bin Abdulla Əl-Nasir məscidində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfirliyinin əməkdaşları, yerli ictimaiyyət və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Səfir Rasim Rzayev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verib, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrdən danışıb. Diplomat düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Ümummilli Liderimizin əzmkar fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən həmvətənlərimiz müasir Azərbaycanın qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin misilsiz rolundan, xaricdə yaşayan azərbaycanlılara böyük qayğı ilə yanaşmasından və onların problemlərini hər zaman diqqət mərkəzində saxlamasından söz açıblar.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub.