Səudiyyə Ərəbistanında “Əli və Nino” filminin təqdimatı keçirilib
Səudiyyə Ərəbistanı Krallığının (SƏK) paytaxtı Ər-Riyadda keçirilən “Səfirin seçimi” adlı kinofestival çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən geniş auditoriyaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş "Əli və Nino" filmi nümayiş olunub.
Mərasimdə ölkədə fəaliyyət göstərən səfirlər, diplomatik korpusun və şəhər ictimaiyyətin nümayəndələri, iş adamları və SƏK-də yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Rasim Rzayev soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, 1991-ci ildə ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söhbət açıb. Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artdığını vurğulayan səfir xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə də geniş məlumat verib. Səfir R.Rzayev Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsinin islam aləmində tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Sonra diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodüserliyi ilə çəkilmiş filmin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.
Rasim Rzayev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə SƏK-də “Əli və Nino” filminin təqdimatının keçirilməsinin sevindirici hal olduğunu, ötən illər ərzində ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.
Səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranmış sevginin və onların müstəqil Azərbaycan uğrunda mübarizəsinin təsvir olunduğu filmin Səudiyyə Ərəbistanında nümayişini əlamətdar hadisə kimi qiymətləndirib. Aralarında dini və etnik fərqə baxmayaraq, Əli və Ninonun dövrün çətinliklərinə sinə gərərək ailə qurması və vətənin müdafiəsi uğrunda mübarizəsi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Filmin nümayişindən sonra qonaqlara ziyafət verilib.