“Ər-Riyad” qəzetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məqalə dərc olunub
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Ər-Riyad” qəzetində səfir Rasim Rzayevin məqaləsi dərc olunub.
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” sərlövhəli məqalədə 1991-ci ildə ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən bəhs edilir. Yazıda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması, xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə geniş məlumat verilir.
Məqalədə, həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmi tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib.
Eyni zamanda, yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı müraciətindən fikirlərə yer verilib. Dövlətimizin başçısının xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpasına dünya azərbaycanlılarının töhfə vermələrinin vacibliyi ilə bağlı fikri xüsusi vurğulanıb.