Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Əl-Cəzirə” qəzetində səfir Şahin Abdullayevin “Azərbaycan Respublikasının banisinin 95-ci ildönümü” sərlövhəli geniş məqaləsi dərc olunub.
Məqalədə ulu öndər Heydər Əliyevin həyat yolu və ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında dahi şəxsiyyətin əvəzsiz xidmətləri, düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Ümummilli Liderimizin əzmkar fəaliyyəti barədə məlumatlar əks olunub.
Qeyd edilir ki, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin əsasını qoydu. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Məqalədə, həmçinin Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalandığı, Dağlıq Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün bütün səylərini cəmləşdirən Ulu Öndərin danışıqlar prosesində və bütün beynəlxalq tribunalarda Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırması üçün yorulmadan çalışdığı vurğulanır.
Bundan başqa, 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanması barədə məlumat verilir.