2018-05-28

Səudiyyə Ərəbistanının mətbuatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən yazır

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Əl-Cəzirə”, “Ər-Riyad” və “Okaz” qəzetlərində səfir Şahin Abdullayevin geniş məqalələri dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Şahin Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi haqqında geniş məlumat verib. Diplomat 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu, onun mövcud olduğu 23 ay müddətində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb.

1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir ölkənin daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını bildirib. Məhz Ulu Öndərin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini vurğulayan diplomat işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu, Ümummilli Lider tərəfindən milli enerji strategiyasının işlənildiyini diqqətə çatdırıb. Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışarkən səfir Azərbaycanın işğal olunmuş ərazilərində zəngin İslam maddi-mədəniyyət abidlərinin və məscidlərin viran olunduğu barədə oxuculara məlumat verib.

Səfir Şahin Abdullayev Azərbaycanın neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığı, ölkəmizin mədən sənayesində şəffaflıq təşəbbüsünü fəal şəkildə dəstəkləyən dövlətlərdən olduğu, gənclər siyasəti, elm-təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barədə məlumat verib.

Son 15 il ərzində Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini söyləyən səfir ölkəmizin regionda turizm məkanına çevrildiyini, dünya ölkələri, o cümlədən ərəb və müsəlman dünyası ilə münasibətlərin sürətlə inkişaf etdirdiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Məqalədə Ş.Abdullayev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əlaqələrin, həmçinin insanlararası bağlantıların 1992-ci il fevralın 24-də diplomatik münasibətlərin qurulmasından əvvəl də olduğunu vurğulayıb. O, son 25 ildə hər iki ölkənin uğurlu sosial-iqtisadi inkişaf prosesi keçdiyini, Azərbaycanın ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində böyük nailiyyətlər əldə etdiyini və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Müstəqilliyimizin ilk günlərindən Səudiyyə Ərəbistanı ilə dostluq əlaqələrinin və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Arxiv üzrə axtarış