2019-03-05

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, İbrahim bin Əbdülrəhman əl-Ömər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini qeyd edərək, Azərbaycanda gördükləri inkişaf proseslərinin, mədəniyyət və arxitektura nümunələrinin, xüsusilə Heydər Əliyev Mərkəzinin gözəlliyinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda gedən böyük quruculuq işlərinin, ən müasir infrastrukturun yaradılmasının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizmin inkişafına böyük təkan verdiyini vurğuladı.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq əlaqələrinin genişləndiyi, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, hökumətlərarası komissiyanın əməkdaşlığın inkişafı işinə töhfə verdiyi qeyd edildi.

Söhbət zamanı, həmçinin bildirildi ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır. Məmnunluq ifadə olundu ki, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı dəfələrlə artıb.

Görüşdə ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, energetika, investisiya, bərpa olunan enerji mənbələrinin yaradılması, turizm və turizm infrastrukturu, sənaye, kənd təsərrüfatı, neft-qaz, alternativ enerji, nəqliyyat və digər istiqamətlərdə əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi, ticarət dövriyyəsinin artırılmasının və bunun üçün logistik və nəqliyyat imkanlarının araşdırılmasının vacibliyi qeyd olundu.

Dövlətimizin başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və vəliəhdə çatdırmağı xahiş etdi.

Arxiv üzrə axtarış