2019-03-03

Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 5-ci iclası keçirilib YENİLƏNİB VİDEO

İclas çərçivəsində KOBİA ilə Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumu əməkdaşlığa dair Proqram imzalayıb

Bakı, 4 mart, Elvin Camalov, AZƏRTAC

Martın 4-də Bakıda Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın həmsədrləri, maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatlardan danışan maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin inkişafı əsas məqsədlərdəndir: “Həmçinin əlaqələri daha da inkişaf etdirmək, intensivləşdirmək və iki ölkə arasındakı qardaşlıq münasibətləri səviyyəsinə çatdırmaq məqsədlərimiz sırasındadır. İki ölkə arasında ticarət dövriyyəsi elə də yüksək deyil. Bu, qarşıya əlavə şərtlər qoyur ki, ticarət dövriyyəsini inkişaf etdirək”.

S.Şərifov bildirib ki, son 15 ildə Azərbaycan ÜDM 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artıb.

Komissiyanın həmsədri vurğulayıb ki, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir. Səudiyyə Ərəbistanı işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edir. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələr inkişaf etsə də, digər sahələrdə bu əlaqələr kifayət qədər inkişaf etməyib.

Nazir qeyd edib ki, 2016-cı ildə Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı 7463 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici 33 min 273 nəfərə çatıb. Bu, 5 dəfəyədək artım deməkdir. Keçən il isə Səudiyyə Ərəbistanından Azərbaycana 73 min turist gəlib.

Komissiyanın həmsədri bildirib ki, iki ölkə arasında hava əlaqələrinin genişləndirilməsi həm turizm, həm də biznes baxımından ölkələrimiz üçün əlverişli imkanlar yaradır.

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər isə deyib ki, Azərbaycanla ölkəsi arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox deyil. Bu, iki ölkə arasında inkişaf proqramına uyğun gəlmir: “İkitərəfli münasibətlərin inkişafı üçün bir sıra işlər görülməlidir. İlk növbədə, əvvəlki memorandumların canlandırılması üçün iş planlarının hazırlanması, gömrük sahəsində qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması, əlverişli investisiya mühitinin yaradılması üçün platformanın hazırlanması və işgüzar şuranın hər iki ölkənin investorlarına təqdim edilməsi, tərəflər arasında yol xəritəsini müəyyən edəcək işgüzar şura yaradılmalıdır”.

İclasda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Səudiyyə Ərəbistanı işgüzar dairələri arasında əməkdaşlıq, görülən işlər barədə məlumat verib. Vurğulayıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişaf edir. 2017-ci ildə Ər-Riyadda keçirilmiş iclasda “Made in Azerbaijan” brendinin təbliği məqsədilə Səudiyyə Ərəbistanına ixrac missiyalarının təşkili, birgə müəssisələrin təsis edilməsi, iş adamlarının iştirakı ilə dəyirmi masaların təşkili barədə razılıq əldə edilib. Ötən ilin oktyabrında KOBİA-nın nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Riyad və Ciddə ticarət palatalarında, eləcə də maliyyə, ticarət, investisiya, ixrac, araşdırmalar üzrə ixtisaslaşmış qurumlarda görüşlər təşkil olunub, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Səfər çərçivəsində, həmçinin biznes nümayəndələri ilə qarşılıqlı maraq doğuran faydalı işgüzar müzakirələr aparılıb, əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sonra komissiyanın gündəliyinə daxil edilən iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, islam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasın sonunda KOBİA və Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumu arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbərinin müavini Ayid Hadi əl-Uteybi imzalayıblar. Sənəddə ölkələrimiz arasında investisiya sahəsində əlaqələrin genişləndirilməsi və bu sahədə görüləcək tədbirlər öz əksini tapıb.

Həmçinin Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının Protokolu da imzalanıb. Protokolu maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömər imzalayıblar.

Günün ikinci yarısında isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iki ölkənin biznes dairələrinin iştirak etdiyi dəyirmi masa təşkil olunub.

Arxiv üzrə axtarış