Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
Səudiyyə Ərəbistanı Krallığı ilə ikitərəfli münasibətlərin inkişafında hüquqi əlaqələrə böyük əhəmiyyət verilir, qarşılıqlı səfərlər həyata keçirilir. Cari ilin əvvəlində Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədovun Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Həmin sənəd Azərbaycan Prezidentinin 2019-cu il 12 mart tarixli Fərmanı ilə təsdiq olunub. Bütün bunlar hüquqi sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə təkan verib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr. Valid bin Mohammad Al-Samaani geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.
İyulun 15-də iki ölkənin Ədliyyə nazirlərinin görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun böyük önəm verdikləri vurğulanıb, əlaqələrimizin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. İki ölkə arasında turist axının yüksəlməsinin ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyi qeyd olunub.
Nazir F.Məmmədov Səudiyyə Ərəbistanına məhsuldar səfərini və nümayəndə heyətimizə böyük şərəf verilərək İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı tərəfindən qəbulunu böyük məmnunluqla xatırladıb, nazirliklər arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun qarşılıqlı fəaliyyətin inkişafına xidmət etdiyini vurğulayıb.
Dövlətimizin başçısının rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan genişmiqyaslı islahatlar və yeniliklər, xüsusilə bu sahədə yeni mərhələ olan Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı barədə məlumat verilib.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan brendi olan, ədliyyənin də müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət”in səmərəli fəaliyyəti qeyd olunub. Bildirilib ki, “ASAN xidmət” BMT-nin dövlət xidmətləri sahəsində xüsusi mükafatına layiq görülüb və artıq digər dövlətlər onu nümunəvi model kimi tətbiq edirlər. Səfər zamanı “ASAN xidmət” mərkəzlərinə baş çəkilərək onun fəaliyyəti ilə yaxından tanışlıq nəzərdə tutulur.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Səudiyyə Ərəbistanının naziri respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduğunu vurğulayıb, səmimi qonaqpərvərliyə və səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını ifadə edib. Bildirib ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun bağlanması, hazırkı səfər və Əməkdaşlıq Proqramının imzalanması İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralının Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyətin təzahürüdür.
Qonaq əlaqələrimizi bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də inkişaf etdirmək niyyətində olduğunu və bunun üçün səylərini əsirgəməyəcəyini bildirib. O, Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki yeniliklərinə böyük maraq göstərib, bu sahədə ölkəsində də islahatların reallaşdırıldığını bildirərək təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.
Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb, Səudiyyə Ərəbistanı Krallığının münaqişənin həlli ilə bağlı ədalətli və prinsipial mövqe nümayiş etdirərək ölkəmizin haqlı mövqeyini dəstəklədiyi vurğulanıb. Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə münasibətdə mövqeyi dəyişməzdir və daim Azərbaycanın yanındadır.
Sonra nazirliklərarası Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə praktiki sənəd olan Əməkdaşlıq Proqramı imzalanıb. Sənəddə birgə tədbirlərin, o cümlədən ədliyyə və məhkəmə sistemləri ilə tanışlıq məqsədilə qarşılıqlı səfərlərin təşkili, qabaqcıl beynəlxalq təcrübələr üzrə məsləhətləşmələrin aparılması, ədliyyə sahəsindəki yeniliklər üzrə məlumat mübadiləsi, ədliyyə işçiləri və hakimlərin tədrisi üzrə videokonfransların və təlim səfərlərinin təşkili nəzərdə tutulur. Sənədin ekspertlər səviyyəsində də münasibətlərin genişləndirilməsinə xidmət edəcəyi bildirilib.
Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin ölkəmizin ədliyyə sahəsindəki innovasiyalara böyük marağı nəzərə alınaraq görüşdə səyyar notariat xidmətlərini istənilən yerdə aparmağa, sənədləri çapdan çıxarmağa və təqdim etməyə imkan verən ərəb dilli proqram təminatı ilə təchiz olunmuş xüsusi elektron notariat çantası nümayiş etdirilərək qonaqlara təqdim olunub. Azərbaycanın innovativ məhsulu təqdirəlayiq hesab olunaraq ondan faydalanılacağı bildirilib.
Söhbət zamanı Azərbaycanın Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzinin yenicə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi haqqında məlumat verilib. Həmçinin həmin siyahıya daxil olan Birinci Səudi Dövlətinin paytaxtı, memarlıq sənətinin gözəl nümunəsi sayılan qədim Diriiyyə şəhəri haqqında azərbaycanlı müəllifin “Diriiyyə - açıq səma altında muzey” kitabının Əlahəzrət Səudiyyə Ərəbistanı Kralının nümayəndə heyətimiz səfərdə olarkən xeyir-duası və ölkəmizin Ədliyyə Nazirliyinin dəstəyi ilə ərəb dilinə tərcümə olunaraq nəfis şəkildə nəşr edilmiş nüsxəsi Səudiyyə Ərəbistanı tərəfinə təqdim edilib.
Nazir Dr. Valid bin Mohammad Al-Samaani kitabın ərsəyə gəlməsinə görə təşəkkürünü bildirərək, belə bir dəyərli nəşrin xalqlarımız arasında qardaşlıq münasibətlərinin əyani təzahürü olduğunu vurğulayıb.
Tədbirdə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak ediblər.
Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Həmin gün qonaqların nazirliyin müxtəlif reyestrləri, elektron sistemləri və digər informasiya resursları ilə tanışlığı olub. Azərbaycan ixtirası olan, vətəndaşlara səyyar və məsafədən xidmətlər göstərən elektron ədliyyə köşkü və “Mobil notariat” proqram təminatı barədə təqdimat keçirilib.
Qonaqlar ədliyyə sahəsində innovasiyaları maraqla qarşılayıb, ölkəmizin nailiyyətlərini təqdir ediblər.
Nümayəndə heyəti, həmçinin Yasamal Rayon Məhkəməsinə baş çəkərək müasir infrastrukturla və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə tanış olublar.
Səfər çərçivəsində qonaqların Konstitusiya Məhkəməsində və Ali Məhkəmədə, Baş Prokurorluqda rəsmi görüşləri, habelə paytaxtın tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən sayılan Heydər Əliyev Mərkəzi ilə tanışlığı nəzərdə tutulur.