2019-07-16

Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr. Valid bin Mohammad Al-Samaaninin başçılıq etdiyi nümayəndə heyəti iyulun 16-da Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.

Ali Məhkəmədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat verib. R.Rzayev son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb.

Azərbaycanın Səudiyyə Ərəbistanı ilə işgüzar əlaqələrinin yaranmasından məmnunluğunu ifadə edən Ali Məhkəmənin sədri əmin olduğunu bildirib ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanan müvafiq müqavilələr ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edir.

Səudiyyə Ərəbistanı Krallığının məhkəmə sistemindən danışan Ədliyyə naziri Dr. Valid bin Mohammad Al-Samaani iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Qonaq əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Ali Məhkəmənin inzibati binası ilə tanış olub. Məhkəmə tarixi muzeyinə baxan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri xatirə kitabına ürək sözlərini yazıb.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib, işlərində uğurlar arzulayıb.

https://azertag.az/xeber/1306919

Arxiv üzrə axtarış