2019-08-30

Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov avqustun 30-da Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səmimi qəbula görə Baş Nazirə minnətdarlığını bildirən “ACWA POWER” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan bildirib ki, bu il mart ayının 17-də Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir. Mohammad Abunayyan bərpa edilən enerji mənbələrindən istifadə sahəsində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirən “ACWA POWER”in fəaliyyəti haqqında ətraflı məlumat verib.

Baş Nazir Novruz Məmmədov görüşdə dost və tərəfdaş ölkələr kimi Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında siyasi münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirərək deyib: “Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Baş Nazir vurğulayıb ki, alternativ enerji ölkəmiz üçün prioritet istiqamətlərdən biridir. Azərbaycan zəngin bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etməkdə, elektrik enerjisi istehsalı sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıqda maraqlıdır.

Arxiv üzrə axtarış