İƏT-in İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin 35-ci iclasının rəsmi açılış mərasimi olub
Azərbaycan iclasda nümayəndə heyəti ilə təmsil olunur
İstanbul, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin 35-ci iclasının rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Ölkəmiz tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur.
İclasda Türkiyə Prezidenti Albaniyada baş vermiş zəlzələ barədə danışıb. Bildirib ki, İslam ölkələri olaraq hər birimizin borcu bu gün Albaniyanın yanında olmaqdır. Bu, qardaşlıq birliyinin nümayişidir.
Qərbdə İslam düşmənçiliyinin gedərək artdığını deyən Türkiyə Prezidenti bölgədə müharibə və yoxsulluqla üzləşən ölkələrin böyük əksəriyyətinin İslam dövlətləri olduğunu bildirib.
“Coğrafiyamıza baxdıqda hər tərəfdə müharibələrlə üzləşirik”, - deyən Rəcəb Tayyib Ərdoğan öldürülən 1 milyondan çox suriyalının bir çoxları üçün sadəcə statistik rəqəm olduğunu qeyd edib.
Noyabrın 25-dən 28-dək davam edəcək toplantıda komitənin layihələrinin maliyyələşdirilməsi, layihə rəhbərlərinin təcrübələri, monitorinq sisteminin işə salınması, eləcə də nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələri üzrə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, o cümlədən Azərbaycanda İslam Əməkdaşlığı Əmək Mərkəzinin yaradılması məsələsi də müzakirə ediləcək. Toplantı çərçivəsində müəyyən layihələrin qəbul edilməsi gözlənilir.
İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Məsələləri üzrə Daimi Komitəsinin ev sahibliyi Türkiyədən Səudiyyə Ərəbistanına keçib.