2019-12-11

Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb

Dekabrın 11-də Ciddədə Səudiyyə Ərəbistanı Krallığının İnformasiya naziri Turki Abdullah əş-Şəbana İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının növbədənkənar iclası çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb.

Azərbaycan haqqında xoş sözlər söyləyən səudiyyəli nazir ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin ildən-ilə inkişaf etdiyini vurğulayıb. Turki Abdullah əş-Şəbana öz sıralarında 57 İslam ölkəsinin xəbər agentliklərini birləşdirən UNA-nın İcraiyyə Şurasının və Baş Assambleyasının Ciddədə keçirilən növbədənkənar iclasında müzakirə olunacaq məsələlər barədə fikirlərini bildirib.

Görüşdə Səudiyyə Ərəbistanında Azərbaycana böyük maraq göstərildiyi, ölkəmizlə əlaqələrə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Həmçinin UNA-nın fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sahəsində qarşıda duran çağırışların birgə həlli yollarının tapılmasının vacibliyindən danışılıb. Qeyd olunub ki, müasir dövrdə baş qaldıran islamofobiya və İslamın terrorizmlə əlaqələndirilməsi ciddi narahatlıq doğurur. Sülh və qardaşlıq dini olan İslama qarşı yönələn feyk xəbərlərlə mübarizə İƏT-in üzv ölkələrinin milli xəbər agentliklərinin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.

İslam ölkələrinin xəbər agentlikləri ilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu deyən Aslan Aslanov bildirib ki, AZƏRTAC ilə Səudiyyə Ərəbistanının SPA agentliyi arasında əlaqələr nümunəvi səviyyədədir. Biz bu əlaqələrin inkişafı istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Nazir Turki Abdullah əş-Şəbana yaxın zamanlarda Azərbaycana səfər etmək və onun inkişafını öz gözləri ilə görmək arzusunda olduğunu deyib.

Arxiv üzrə axtarış