Ulu Öndər ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq və dövlət üçün yorulmadan fəaliyyət göstərib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən bu ölkədə yaşayan həmvətənlərimizin və səudiyyəli ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Şahin Abdullayev çıxış edərək xalqımızın və dövlətimizin xilaskarı Heydər Əliyevin həyat və zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq və dövlət üçün yorulmadan fəaliyyət göstərdiyini, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması naminə mühüm işlər gördüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin bütün sahələrinin inkişaf etdiyini və ölkəmizin Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrildiyini qeyd edən diplomat 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin bütün çətinliklərə sinə gərərək Azərbaycan xalqını, dövlətini zamanın ağır sınaqlarından çıxardığını, daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olduğunu, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdiyini vurğulayıb.
Səfir Ulu Öndərin uzaqgörən siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin iqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurduğunu söyləyib. Son 16 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini Azərbaycanın daha böyük nailiyyətlərə imza atmasını şərtləndirdiyini bildirib. O, bu gün ölkəmizin siyasi, iqtisadi, humanitar mərkəzə çevrilməsi ilə hər bir azərbaycanlının fəxr etməli olduğunu həmvətənlərimizin diqqətinə çatdırıb.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.