“Əl-Cəzirə” qəzetində “Xocalıda həlak olanlara görə Ermənistan məsuliyyət daşıyır” başlıqlı məqalə dərc olunub
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanının aparıcı kütləvi informasiya vasitələrindən olan “Əl-Cəzirə” qəzetində Azərbaycanın oradakı səfir Şahin Abdullayevin “Xocalıda həlak olanlara görə Ermənistan məsuliyyət daşıyır” başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyindən AZƏRTAC-a bildirilib ki, yazıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdiyi, bir günün içində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfərin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 132 uşağın isə valideynlərindən birini itirdiyi, düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sının uşaq olduğu, 1275 xocalılının əsir götürüldüyü və 155 nəfərin itkin düşdüyü oxucuların diqqətinə çatdırılıb. Həmin gecə baş verənlərlə bağlı ətraflı məlumat verilib.
Müəllif Xocalı qətliamının beynəlxalq ictimaiyyətə tanıdılmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu, onun dünya ictimaiyyətinə çatdırılması və bu soyqırımı aktının obyektiv qiymətləndirilməsi istiqamətində əməli addımlar atıldığını oxucuların diqqətinə çatdırıb.
Məqalədə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat olduğu, habelə 2013-cü ildə Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında Xocalı qətliamının soyqırımı və bəşəriyyətə qarşı cinayət kimi tanındığı vurğulanıb.
Materialda Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsinin Azərbaycanın ədalətli mövqeyini bir daha dəstəklədiyi, ilk dəfə olaraq münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq həll edilməsinin vacibliyini vurğuladığı və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi oxucuların diqqətinə çatdırılıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin hələ də davam etdiyi və işğalçı ölkənin beynəlxalq hüququn tələblərinə əhəmiyyət vermədiyi təəssüflə qeyd olunub.
Yazıda beynəlxalq hüququn Xocalı qətliamının soyqırımı olduğunu birmənalı təsdiqlədiyi və Ermənistanın münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq qətnamələrin müddəalarını yerinə yetirməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının, azərbaycanlı məhbus və girovların azad edilməsinin, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının vacibliyi vurğulanıb.