2020-05-30

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Respublika Günü münasibətilə həmvətənlərlə onlayn görüşüb

Azərbaycan Respublikasının milli bayramı 28 May – Respublika Günü münasibətilə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyinin təşəbbüsü ilə diplomatik nümayəndəliyin akkreditə olunduğu Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn və Omanda yaşayan həmvətənlərlə videokonfrans vasitəsilə tədbir təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əlli nəfərə yaxın soydaşımızın iştirak etdiyi tədbirdə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın həyatında böyük və əlamətdar hadisə olduğu və həmin tarixin Respublika Günü kimi təntənə ilə qeyd edildiyi diqqətə çatdırılıb. Səfir Şahin Abdullayev Cümhuriyyətin yaranmasının 102-ci ildönümü münasibətilə həmvətənlərimizi təbrik edərək, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoyduğunu, ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynadığını, 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər gördüyünü, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verdiyini qeyd edib.

Daha sonra Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda yaşayan həmvətənlər Respublika Günü münasibətilə təbriklərini çatdırıb və arzularını bölüşüblər. Tədbir zamanı pandemiya şəraitində həmvətənlərin xarici ölkələrdə üzləşdiyi çətinliklər və onların həlli yollarına dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Arxiv üzrə axtarış